Bakıdakı çoxmilyonlu mitinqdə isə, erməni separatistlərinin Dağlıq Qarabağda vəziyyəti qızışdırdığı bir zamanda və insanlar Ə.Vəzirovdan qəti tədbirlər görmək çağırışını eşitmək istəyərkən, o, birdən: «Mən öz çıxışımı Vladimir İliç Leninin Sovet hakimiyətinin ilk günlərində bakı fəhlələrinə müraciətindəki sözlərlə bitirmək istərdim. İliç deyirdi: «Biz qələbəni əldə etməliyik və hər necə olsa da əldə edəcəyik!» Lap Qorbaçov kimi – necə istəyirsən, elə də başa düş! Azərbaycan kompartiyasının rəhbəri növbəti çıxışında komisar Vəzirovdan sitat gətirmək qərarına gəldi, – uzaq qohumu olduğuna görəmi, eyni soyadlılığına görəmi – haçansa o demişdi: «bizim gücümüz – xalqlar dostluğundadır». Və, Azərbaycan kommunistlərinin lideri təmtəraqla ucadan: «Mən, bugünkü Vəzirov bu sözlərə qoşuluram». Necə deyirlər, aldım qoz, satdım qoz. O Vəzirov, bu Vəzirov – eyni…

Ə.Vəzirov haralarda olurdusa deyirdi ki, «respublikada milli məsələ həll edilməmişdir, ört-basdır edilmişdir. Bu gün biz nə əldə etmişiksə, hamısı məhz köhnə rəhbərliyin, xüsusi ilə Heydər Əliyevin səhvlərinin meyvəsidir…». Ermənilər DQMV-də sürətlə silahlanırdılar, burada isə, Vəzirov heç nə fikirləşmədən Qorbaçovun tapşırığı ilə H.Əliyevə hücum edirdi.

O, mətbuatı leninsayağı «silahlandırırdı»: «təbliğatda hücum mövqei görünmür. Yenidənqurmanın əleyhinə olan qüvvələrin nümayəndələri MKİ-nin işçiləri ilə görüşür, «Azadlıq» radiostansiyası ilə zəngləşir, onlara respublikadakı vəziyyət, xalqın əhval-ruhiyəsi barədə açıq yalan ötürürlər. Göründüyü kimi, bizdə aşkarlığı, demokratiyanı məsuliyətsizliklə dəyişik salmağa başlayırlar. Bizim, hər regionda və bütün istiqamətlərdə həqiqətin təsdiqi, nizam-intizamın və qayda-qanunun möhkəmlənməsi üzrə kütlələrlə apardığımız işdə mətbuatın xüsusi rolu vardır! Məsələn, Xüsusi İdarə Komitəsini götürək. Təbliğat vasitələrinin tam arsenalından istifadə edərək aydınlaşdırılmalıdır ki, bu … qərar …».

Ə.Vəzirovun başlanğıc siyasi nöqtəsi onun SovİKP MK-nin mart plenumundakı məruzəsi idi. Məruzəni rəsmi təbliğat Bakıda böyük tirajla çap etmişdi. «…İnsanlar arxamızca getdilər. Buna SSRİ xalq deputatlığına seçgilərin nəticəsi sübut ola bilər. Seçicilərin 98.5 faizi səsvermədə iştirak etmişdir. İrəli sürülən və Azərbaycan komunist partiyasının dəstəklədiyi namizədlərin hamısı seçilmişdir. Biz, hamıdan qabaq fəhlə sinfi nümayəndələrinin qələbəsini təmin etməyə çalışmışıq. Azərbaycan deputat korpusunda onların sayı bütün əvvəlki seçgilərdəkindən çoxdur. Hər üçüncü deputat – qadındır. Seçilən deputatlar beş millətin nümayəndələridir. Onların hamısı seçgilərdə əksər səsçoxluğuna malik olmuşlar – bu, xoş əlamətdir… Əmin etmək istəyirəm ki, SovİKP Mərkəzi Komitəsi Azərbaycandan olan deputat korpusuna tam arxayın ola bilər!»

Onun ermənistandan olan həmkarı Arutyunyan isə öz məruzəsini tamamilə DQMV-nin erməni əhalisinin «faciəsi»nə həsr etdi və axırda «qarabağ probleminin tezliklə və ədalətlə həll ediləcəyinə» ümid etdiyini bildirdi. Baltikyanı ölkələrin deputatları Molotovla fon Ribentropun aralarındakı paktı çək-çevir etdilər və bununla birlikdə erməniləri dəstəklədilər. Vəzirov bu halda da «uşaqlar gəlin dostluqla yaşayaq!» çağırışı ilə özünü Leopold pişik kimi apardı.

Brutens yazır: «Qarabağ uğursuzluğundan başlanan yol, yenidənqurma rəhbərlərinin milli siyasət sahəsində digər çoxsaylı müvəffəqiyətsizliklərinə gətirib çıxardı. Şübhə yoxdur ki, Qarabağ qarşıdurması, SSRİ-dən ayrılmış müstəqil Azərbaycan və Ermənistan reslublikalarının və asılı olmayan Dağlıq Qarabağ Respublikasının yaranmasına gətirdi, o, Gürcüstandakı və bir sıra başqa respublikalardakı millətçiləri qamçıladı, - başqa sözlə, İttifaqın gələcək dağılmasına doğru ilk böyük addım oldu. Müxtəlif ermənipərəst siyasətçilərin dəfələrlə səsləndirdiyi erməni modeli çılpaq şəkildə – bax, budur: mübahisəli ərazi məsələlərinə iddiaçıların hamısını Brutens millətçi adlandırır, qarabağ ermənilərini isə – azadlıq uğrunda mübarizlər.

«Qarabağın qanlı bataqlığı» kitabının myəllifi bir məsələdə də tamamilə haqlıdır ki, Qarabax çaxnaşmalarına ilk işarə bizə «təpənin arxasından» gəldi. Akademik Abel Aqanbekyan 1987 il noyabrın ortalarında Fransanın erməni institutu və erməni veteranları Assosiasiyasının onun şərəfinə təşkil ediyi qəbul zamanı, bildirdi ki, o,Qarabağın ermənilərdə olması barədə fikir öyrənmək arzusundadır. O, deyirdi: «Mən bir iqtisadçı kimi hesab edirəm ki, o, Azərbaycandan çox, Ermənistanla böyük əlaqədədir». Moskvada geniş miqyasda şayiə gəzirdı ki, Aqanbekyan özünün Qorbaçovla söhbətinə istinad etmişdir. Söhbətdə SovİKP MK-nin qüdrətli baş katibi guya demişdir ki, Qarabağ Ermənistana veriləcəkdir. Qəribədir, bu fövqəl möhkəm şayiəyə baxmayaraq Qorbaçov nə o vaxt, nə sonra, hətta qarabağ müharibəsinin qızğın vaxtında, nə birbaşa, nə də dolayısı ilə bunu inkar etmədi. Axı həmin şayiə tamamilə «maddi» idi – o, Qarabağ hadisələrini möhkəm qızışdırırdı.

Qorbaçov Qarabağda, Sumqayıtda, Bakıda, Vilnüsdə, Oşda, Fərqanədə, Tiflisdə, Sxinvalidə hadisələr baş verdikdə həmişə deyirdiki, işin içində deyil, baş verənlər barədə hamıdan gec xəbər tutmuşdur. Bu, imperiyalar tarixində nə isə, təzə bir şey idi. bütün imperatorlar – İ.Makedoniyalı, Napoleon, İ Pyotr, Stalin və başqaları – hətta arzularını həqiqət kimi qələmə vermək istədikdə belə, bütün imperiyadakı vəziyyətdən xəbərdar olduqlarını xüsusi qeyd edirdilər. Sözsüz ki, Qorbaçov bu hadisələr barədə başqalarından çox bilərək cəmiyyət qarşısında böyük ədəbsizliklə bundan imtina edirdi. Belə yanaşma o demək idi ki, «nə istəyirsiniz edin, mən isə guya sonradan biləcəyəm, hamıdan gec». Fevral plenumunda Y.Liqaçov xəbər verdi ki, Qorbaçov, Yakovlev və Şevardnadze Siyasi Büronun 7 aprel 1989 il iclasında olmuşlar, burada Tiflisə qoşun yeritmək barədə qərar qəbul edilmişdir. Jurnalist A. Jilinin yazdığına görə, «əgər general İ.Radionov qurultayda Gürcüstanın mərkəzindəki hadisələr haqqında bütün həqiqəti desəydi və sənədləri göstərsəydi, çox güman ki, M.Qorbaçov SSRİ-nin birinci prezidenti olmazdı».

Vilnüs hadisələri haqqında isə, SSRİ-nin İngiltərədəki səfiri L.M.Zamyatin yazır: « Britaniyalı həmsöhbətinin (XİN başçısı D.Xerd – müəllif ) danışığı yekunlaşdıran notası, açıqdan-açığa Qorbaçovun xoşuna gəlmədi. O birdən, mənim üçün gözlənilməz, acı kinayə ilə – Zamyatinin vaxtında belə məsələlərin həllinə 24 saat tələb olunurdu. Yumruğunu vururdu – və hər iş qaydasında! Amma, nə qədər belə yaşamaq olar? İndi masaya yumruq vurmaqla deyil, təzyiqə qarşı hövsələ göstərib məsələnin siyasi həllinə nail olmaq lazımdır. Əgər bu alınmasa –Zamyatini bir həftəliyə bura çağırmaq lazım gələcək, və o, Olsterdəkitək qayda yaradar».

…Bir neçə həftədən sonra isə, problemi necə «həll etmək» istədiyini özü nümayiş etdirdi. Yanvarın 13-də «xüsusi təyinatlı qüvvələr», tankların tırtılları ilə Vilnüsün küçələrini ütülədilər, telemərkəzin ətrafında döyüşlər getdi.

…Qorbaçov bilirdimi ki, bu, baş verə bilər? Qətiyətlə deyirəm: bilirdi. Vilnüsün küçələrində döyüşlər başlananda Qorbaçov köməkçilərinin yanında Müdafiə nazirliyinə zəng vurub soruşdu: «Vilnüsdə nə baş verir, niyə məlumat vermirsiniz?». Naqilin o biri ucundakı həmsöhbətin tam mənasında, ağzı açıq qaldı: «Mixail Sergeyeviç, dünən Sizinlə bu mövzuda ətraflı danışmışdıq axı…»

Lakin, Bakıdakı 20 yanvar 1990 il qanlı hadisələrində Qorbaçovun xüsusi «xidmətləri» vardır. Onun özü görün nə deyir: «90-nın başlanğıcında erməni-azərbaycan münasibətlərində yeni kəsginləşmələr qeyd edildi ki, bu da Bakıda erməni qırğınına, ermənilərin şəhərdən «çıxışına» gətirdi. 1990 ilin yanvarında Bakıya qoşun yeridilməsi barədə yer almış saxtalaşdırmalara qarşı deməliyəm ki, yalnız fövqəladə şərait, fövqəladə vəziyyətə məcbur etdi. Bu tədbir, bir daha qan tökülməsinin qarşısını almağa yönəldilmişdi. Hadisələr belə inkişaf etmişdr:

Yanvarın 13-ü axşam xuliqan elementlərdən ibarət dəstələr tərəfindən Bakıda qəsdən nizamsızlıq və qarışıqlıq törədilmiş və bu da insan tələfatına gətirmişdi.

Yanvarın 15-də Azərbaycan KP MK Bürosu Bakıdakı vəziyəti normallaşdırmaq üzrə təxirəsalınmaz tədbirlərə baxmışdı. Qəbul olunmuş qərarda qeyd edilirdi ki, cinayətkar qüvvələr, özlərinin respublikadakı vəziyyətin sabitliyini pozacaq işləriylə, aşkarcasına, öz məqsədlərinin praktiki həyata keçirilməsinə başlamışlar. Onlar, DQMV-də və onunla həmsərhəd rayonlarda vəziyyətin kəsgin pisləşməsindən istifadə edərək, Bakıda ehtirasları qızışdırmışlar, insanların bir hissəsini, Ermənistandan olan qaçqınları qanundankənar hərəkətlərə itələmişlər. Yanvarın 13-də Bakıdakı nizamsızlığın və qarışıqlığın gedişatında cinayətkarların əliylə insanlar, əsasən ermənilər həlak olmuş, onlarla yaralı olmuşdu. Yaşayış yerləri talan edilmişdi. Təcili tədbirlər tələb olunmuşdu.

Hakimiyət qayda-qanunun bərpasına çalışmışdı. Lakin daxili çəkişmələr və parçalanma onların fəaliyətini və vəziyyətə nəzarət qabiliyətini paralizə etmişdi.

Bakıya Prezident şurasından Y.Primakov və SovİKP MK-dən A.Qirenko göndərilmişdi. Azərbaycandakı vəziyyətin inkişafı haqqında onlardan son dərəcə həyəcanlı məlumatlar gəlməyə başladı. Qarışıqlıq bütün respublikanı bürüyürdü, 18 rayonda hakimiyət orqanları tam mənada süpürülmüşdü, İranla sərhəddin iki yüz kilometri boyunca sərhəd qurğuları məhv edilmişdi.

Respublikanın Ali Sovetinin qərar qəbul etmə qabiliyəti, güclənən mənəvi terror şəraitində itmişdi.

Yanvarın 19-da SovİKP MK-nın, Ali Sovetin Prezidiumunun və SSRİ Nazirlər Sovetinin «Azərbaycan və Ermənistan xalqlarına» Müraciəti dərc edildi. SSRİ Ali Soveti Prezidiumunun Qərarı ilə yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət yeridildi. Qarışıqlığın təşkilatçıları Qərara tabe olmaqdan imtina etdilər, Bakıya yeridilmiş qoşunların hərəkətinə hər vasitə ilə maneçilik törətdilər və bu da yeni qurbanlara səbəb oldu.

Yanvarın 20-də mən, Mərkəzi telegörüntüdə vəziyyətin qiymətləndirilməsi və ölkə rəhbərliyinin hərəkətlərinin izahı ilə çıxış etdim.

Bu çıxış cürbəcür qiymətləndirilmiş və qiymətləndirilməkdədir. Bəzilərinin fikrincə fövqəladə vəziyyət gec yeridilmiş, digərlərininkinə görə – heç onu yeritmək lazım deyildi. Birincilərə cavab olaraq demək lazımdırki, ittifaq hakimiyyəti bunu respublika rəhbərliyinin başının üstündən edə bilməzdi və o zaman etdi ki, onda respublika orqanlarının işi paralizə olmuşdu. Fövqəladə vəziyyətin yeridilməsinin səhv olduğunu deyənləri isə inandırıram ki, o şəraitdə ağlasığmamazlıqlar baş verə bilərdi – zorakılığın yayılmasını dayandırmaq lazım idi.

Bəli, heyf, çox heyf ki, 90-nın yanvarında, milliyətcə hər kim olur olsun, bir çox bakılının həyatına son qoyuldu. Lakin, onda zorakılığın qarşısı alınmasaydı, qurbanlar bir neçə dəfə çox olardı. 90-nın yanvar dərsləri öyrənildimi? Şübhə edirəm: bunu azərbaycan-erməni müharibəsi təsdiq edir.

Mən, bütün bu faciəli tarixdən bir dərs aldım: ekstremal şəraitdə hakimiyyət güc işlətməmək iqtidarında deyil. Lakin bu aksiya mütləq labüdlüklə bəraət qazanmalı və ciddi ölçülüb-biçilmiş tədbirlərlə hədlənməlidir. Problemin əsil həlli isə yalnız siyasi vasitələrlə mümkündür».

Bu sətirlər Qorbaçovun müdhiş varlığını əyani surətdə nümayiş etdirir. Onlar yalanla, riyakarlıqla, həyasızlıqla və qəddarlıqla elə doydurulmuşdur ki, başqa hallarda bir neçə toma yerləşə bilərdilər. «Bu tədbir daha çox qan tökülməsinin qarşısının alınmasına yönəlmişdi». Qipotetik gələcək qan tökülmədən ötrü deməginən, Qorbaçovun dərrakəsinə görə, Bakının 173 dinc məskununu – qadınları, uşaqları, qocaları, «daha çox qan tökülməsi» barədə heç bir xəbəri olmayanları məhv etmək lazım imiş. Qorbaçov: «90-nın yanvar dərsləri öyrənildimi?» - deyə soruşur və özüdə cavab verir: - «Şübhə edirəm: bunu azərbaycan-erməni müharibəsi təsdiq edir». Necə riyakarlıqdır! Deməginən, Qorbaçovun başçılıq etdiyi və erməni təcavüzünün başlanğıcını qoymuş sovet təcavüzündən Azərbaycan xalqı dərs almalı imiş. Bəli, o dərs aldı. Lakin Qorbaçovun fikirləşdiyi kimi yox. «Mən bütün bu faciəli tarixdən bir dərs aldım…». Qorbaçov173 insanı məhv edərək günahlarının bağışlanılması haqqında fikirləşmir, ancaq, «dərs alır». Yalnız, qəlbini iblisə satmış insan belə mühakimə edə bilər.

Məlumdur ki, Qorbaçov Spitakdakı zəlzələ barədə xəbər tutanda ABŞ-dakı səfərini yarımçıq qoyub Ermənistana gəlir. M.Dokuçayev bu epizodu belə təsvir edir: «M.S.Qorbaçovun və onun həyat yoldaşının Nyu-Yorka səfəri müvəffəqiyətlə keçdi, lakin çox da uğurla başa çatmadı. ABŞ Prezidenti R.Reyqanla Qubernatorlar adasında görüş oldu. Paromla oraya gedərkən Qorbaçovu təcili olaraq xüsusi avtomaşında qurulmuş telefona çağırdılar. O, beş dəqiqə danışdı. Maşından çıxanda rəngi ağappaq idi – biz başa düşdük ki, nə isə çox həyəcanlı bir iş baş vermişdir. O, Reyqanla və Buşla görüşü keçirdi, onlarla birlikdə adanı gəzdi, Azadlıq heykəlinin fonunda şəkil çəkdirdi, lakin hiss olunurdu ki, Qorbaçov ciddi qayğılıdır. Biz SSRİ-nin BMT-dakı daimi nümayəndəliyinin binasına gəldik və Ermənistandakı zəlzələ haqqında qorxulu xəbəri bildik. Obiri gün M.S.Qorbaçov və bütünlüklə sovet nümayəndələri Moskvaya uçdular».

Amma, Bakıda tanklar dinc adamları əzəndə o ağarmadı və qızarmadı, və hətta,həlak olanların ailələrinə rəsmi surətdə başsağlığı da bildirmədi.

Qorğaçovun yalançı və riyakar sözləri , onun 20 yanvar 1990 ildə qoşunların Bakıya yeridilməsindən sonra Mərkəzi telegörüntüdəki çıxışı ilə üst-üstə düşür: «Lakin idrakın səsi, sovet ictimaiyətinin, ölkəmizin bütün xalqlarının səsi bu dəfə də eşidilmədi.

Dialoqa, razılaşmaya, dözümlülüyə çağırışlar diqqətdən kənarda qaldı.

Hələ bu azmış, davakar millətçi-karyeristlər, uenə də mühiti qızışdırır, döyüşçü dəstələri təşkil edir, yolları, aeroportu əhatəyə alırdılar. Hərbi xidmətçilərə, silah ambarlarına, hüquq- mühafizə orqanlarına basqınlar artırdı.

Hadisələr xüsusilə Bakıda faciəli xarakter alırdı: talanlar, qəsdlər, heç bir taqsırı olmayan sakinləri respublikadan kənara qovma.

Azərbaycanda ekstremist qüvvələrin fəaliyəti getdikcə daha açıq şəkildə antidövlət, antikontitusiya, antixalq xarakteri alırdı.

Bir para rayonlarda, qanuni hakimiyət orqanları öz funksiyalarının icrasından zorla kənarlaşdırılmışdı, idarə strukturu dağıdılmışdı.

Dövlət sərhəddinin yüzlərlə kilometrində mühəndis-texniki qurğular məhv edilmişdi. Respublikada hakimiyəti zorla ələ almaq tapşırığı praktiki gizlədilmirdi.

Bu, belə davam edə bilməzdi. Günahsız qurbanlara acımaqla bərabər, ölkədə cinayətkar hərəkətlərə, sərt zorakılıq və vandalizm faktlarına, qanunların pozulmasına qarşı qəzəb və hiddət də artırdı.

Sovet adamları ölkə rəhbərliyindən əsaslı surətdə qanuniliyin və hüquq qaydalarının bərpa olunmasını, insanların həyat təhlükəsizliyinin təmin edilməsini tələb edirdilər.

Siz artıq bilirsiniz, SSRİ Ali Soveti Prezidiumunun Qərarı ilə Bakıda fövqəladə vəziyyət elan edilmiş, şəhərə DİN və Sovet Ordusunun hərbi bölmələri daxil olmuşdur.

Onlar əsas obyektləri tutmuşlar, dövlət idarələrini nəzarət altına almışlar, talançılara, qarışıqlığın təşkilatçılarına və qızışdırıcılarına qarşı qəti tədbirlər görülür. Cinayətkar elementlərdən odlu silah və döyüş sürsatları alınır.

Çox təəssüflər olsun ki, qurbanlar var. Bəzi yerlərdə hərbi hissələr terroristlərin atəşilə qarşılaşmış və cavab olaraq silah işlətməyə məcbur olmuşlar.

…Dövlətin borcu – qanunsuzluğa və insaniyətsizliyə son qoymaq, qətiyyətlə insan sifətini itirmiş və şəxsi ambisiyaları, maddi maraqları, hakimiyət ehtirası xatirinə başqalarını qurban verməyə hazır olan ekstremistlərin cinayətkar hərəkətlərinin kökünü kəsməkdir.

Dövlətin borcu – insanlara sülh və təhlükəsizliyi qaytarmaq, hər iki respublikanın xalqlarına azad,demokratik inkişaf, normal işləmək, rahat yaşamaq, uşaqları böyüdüb tərbiyə etmək imkanı yaratmaqdır.

Sovet Orlusunun və daxili qoşunların əsgər və zabitləri SSRİ Konstitusiyası və Qanunun mühafizəsi üzrə öz borcunu yerinə yetirir (bir neçə ildən sonra rusiya qoşunları elə bu cür «borcu» Çeçenistanda verəcəklər – müəllif ).

Rəhbərlik ümid edir ki, görülən tədbirlər ölkəmizin bütün xalqları tərəfindən başa düşüləcək və dəstəklənəcəkdir».

Maraqlıdır, Bakıdakı hadisələri sinxron və Qorbaçovla bir boyunduruqda, onun tərəfdaşı Y.M.Primakov özünün «Qodı v bolşoy politike» kitabında necə «təqdim edə» bilmişdir. Eyni həyasız yalan, faktların dartışdırılması, böhtanlar və ehtiraslar basabası. Bir sözlə, gebbels təbliğatının tam arsenalı işə buraxılmışdı. Bütün bu xəyali «dar ağacları», guya Bakı mitinqlərində səslənən zorakılığa çağırış… Görün o nə yazır: «…1989 ilin yayında Dağlıq Qarabağdakı hadisələrlə əlaqədar olaraq, Azərbaycanda vəziyyət kəsginləşdi. Bakıda iyulun 16-da Azərbaycan Xalq Cəbhəsinin (AXC) təsis konfransı oldu. AXC kütlələrin narazılığından bacarıqla istifadə edərək mərkəzdə və periferiyada hakimiyəti açıq-aşkar ələ alaraq özünün, rəsmilərə paralel, idarə orqanlarını yaradırdı. 1990 il yanvarın ortalarında Bakıda erməni qırğını baş verdi. Şəhərin mərkəzində çoxminli mitinqdə AXC rəhbərlərindən biri çıxış edirdi, yüz metrlikdə isə konteynerdə diri insan yanırdı və heç kəs bədbəxti xilas etməyə hətta çağırmırdı da.

Yanvarın 14-də Litvadan uçub gələn Qorbaçovu qarşılayırdılar. Kryuçkov təyyarə meydanında ona Bakıdakı vəziyyət haqqında məlumat verdi. Qorbaçov dedi: «NS sədrinin müavinini göndərmək lazımdır. – sonra fikirləşib – mən belə hiss etdim – dəqiqləşdirdi: Qoy üçü getsin: Primakov, SovİKP MK katibi Qirenko və NS sədriin müavini Doqujayev».

Bakıya yanvarın 15-də səhər tezdən uçduq, bazar günü, o biri gün geri qayıdıb şəraiti Siyasi Büroya məruzə edəcəkdik. Lakin, Qirenko ilə birlikdə Bakıda iki həftə qaldıq. Ermənilərin, başlıca olaraq Xəzərlə Krasnovodska qədər evakuasiyasını təşkil etdik, AXC ilə danışıqlar apardıq.

Deməliyəm ki, M.Qorbaçov bizi Xalq Cəbhəsi ilə dinc danışıqlara istiqamətləndirirdi. Bir neçə dəfə Ə.Əliyev (gələcək prezident Elçibəy), E.Məmmədov, İ.Qəmbərov, N.Pənahov ilə görüşmüşdük. Sovet hərbi hissələrindən blokadanı götürmək, güc işlətməmək tövsiyələrimiz bir şey vermədi.

Bu arada ehtiraslar qızışdırılırdı. MK-nin bizim olduğumuz binasının yanında hərgünlük mitinqlər gedirdi. Təfriqəçilər zorakılığa çağırırdılar. Mitinqlərin birində bir neçə dar ağacı gətirdilər. Mitinqçilərin bir qrupu əhatəni yarıb binanın həyətinə soxulmağa cəhd edərək, dəmir darvazanı silkələməyə başladı. Mitinqlər, Bakının mərkəzi meydanında da gedirdi.

MK binasında mənim yanıma həkim-qadın nümayəndəliyi gələrək çıxıb, çıxış etməyimi xahiş etdilər. Məni fikrimdən daşındırırdılar, lakin mən razılıq verdim. İndiki kimi yadımdadır, E.Məmmədov mənim yanıma qaçıb dedi: «eyvandan çıxış edin», - görünür, o həqiqətən kütlənin asayişi pozmasından qorxurdu. Mən dedim ki, hamının çıxış etdiyi surahıdan danışacağam. Heç vaxt yaddan çıxarmaram, zirehli köynəkdə bir Azərbaycanlı cavan məndən qabaqda durdu. Mənim keşiyimin də bütün uşaqları yanımda idi. Ondan başladım ki, bir şərqsünaş kimi Quran surəsi oxuumaqla onlara müraciət edə bilərəm. Belə də etdim. Lakin, o vaxtlar öz çıxışımızı başladığımız kimi də sadəcə olaraq belə də başlaya bilərəm: «Əziz yoldaşlar!».

Diqqətlə qulaq asırdılar. Mən vurğuladım ki, əgər kazarmalardan və təyyarə meydanından blokada götürülsə hakimiyət tərəfindən heç bir müdaxilə olmayacaqdır. Məhz bu vaxt, görünür çıxış edənlə dinləyicilər arasında əlaqə yaranacağından ehtiyatlanan Qaziyev, mənim mikrofonumdan qışqırdı: «qarşınızda mafiya üzvü çıxış edir!». Bundan sonra mən güclə binaya girə bildim. Sevimli gözəl Azərbaycan qadınları çaşıb qalmışdılar və biz onları sakitləşdirməli olduq.

AXC yaraqlıları artıq bu vaxt Bakıda «fövqəladə vəziyyət» yeritmişdilər. Onların patrulları şəhərin girişində və çıxışında maşınları yoxlayırdılar. Əmrlər taksomotor parkının radiorabitəsi vasitəsilə verilirdi. İttifaq DTK-nin rəhbərlərindən biri F.D.Bobkov Bakıda idi. böyük təcrübəyə malik bir insan kimi o, başa düşürdü ki, nə yolla olur, olsun qantökülməsindən qaçmaq lazımdır.

Lakin, gərginlik günlərlə deyil, saatlarla qalxırdı.

Yanvarın 19-da Qorbaçov zəng edəndə mən Azərbaycan KP MK katibi Vəzirovla birlikdə onun kabinetində idim. O, xəbər verdi ki, SSRİ Ali Soveti Rəyasət heyətinin qərarı alındı və Bakıya qoşun ytridiləcəkdir. Mən Mixail Sergeyeviçə dedim ki, hərbi əməliyatlara rəhbərlik edə bilmərəm. Cavab gəldi ki: Müdafiə naziri Yazov və daxili işlər naziri Bakatin bir saatdan sonra Bakıya uçurlar.

Bu çox qorxulu günlər idi. Qoşunlar yeridilərkən yüzdən çox Azərbaycanlı, əsasən yaraqlılar həlak oldu, lakin, dinc əhali arasında da qurbanlar var idi – atəş açılan pəncərələrə cavab verilirdi. Zireh geyindirilmiş ordu da itgi verdi, 38 adam öldürüldü. Fövqəladə vəziyyət, komendant saatı, MK-nin gecə plenumu, burada Ə.Vəzirovu birinci katib vəzifəsindən azad edib, yerinə A.Mütəlibovu təyin etdilər, – həyat, hələ uzun müddət normal məcrasına düşmədi.

Düzünü deyəcəyəm, Qorbaçov zəng edib, Mütəlibovun «nəzarət altında» işləmə görüntüsünün olmaması vacibliyinə istinad edərək: «Girenko ilə birlikdə Moskvaya qayıdın» dedikdə, mən həqiqətən xoşbəxt idim.

Bəli, bu doğrudan da qorxulu günlər idi. Lakin, hadisələrin demək olarkı hamısı, heç də Primakovun təsvir etdiyi kimi baş verməmişdi. Qoşunlar yeridiləndə «yüzdən çox Azərbaycanlı, əsasən yaraqlılar» deyil, 131 nəfər həlak oldu və onların arasında təkcə azərbaycanlı deyil, ruslar, yəhudilər, tatarlar… da var idi. Və yalnız 42 adam, yox, yaraqlı deyil, sadəcə piketdə iştirak edənlər idi. artıq fövqəladə vəziyyətin yeridilməsinin əhaliyə elan edildiyi ana qədər, sovet ordusu 82 nəfəri öldürmüş, 20 nəfəri ölümcül yaralamışdı (onlar xəstəxanada keçindilər). Əsgərlər canlı nə varsa, hamısına atəş açırdılar: 9 adam yaralılara yardım edərkən öldürülmüşdü, bir neçə adam «təcili yardım» karetasında yaralıları xəstəxanaya daşıyarkən güllələnmişdi…Daha bir ağ yalan: «lakin, dinc əhali arasında da qurbanlar var idi – atəş açılan pəncərələrə cavab verilirdi». Dürüst müəyyən edilmişdir ki – əsgərlərə heç kəs atəş açmayıb. Sonra – daha da artıq: «Zireh geyindirilmiş ordu da itgi verdi, 38 adam öldürüldü». Bu da düz deyildir: bir əsgər həlak olmuşdu və o da, kefli hərbi ayırdetmədə. Hər bir kəlmə yalandır… Əgər Primakov səmimi surətdə, heç olmasa yanılmışdısa… Yox, o nə etdiyini bilirdi – qəsdən insanları azdırırdı, belə ki, rəsmi istintaq materialları çoxdan hazır idi və o, bunu bilməmiş olmazdı. O, böyük siyasətdə kifayət qədər uzun müddət olmuşdur ki, belə gözgörəti dəlilləri bilməmiş olsun. Hələ bu insan Azərbaycanı sevdiyinə də and içir! Azərbaycanda bir kimsə onun səmimiliyinə inanarmı? Sual, necə deyərlər, ritorikdir. Bir dəfə, 1990 ilin yanvarında o söz vermişdi ki, Bakıya ordu yeridilməyəcəkdir. Bu nə ilə qurtardı – məlumdur.

SİTA 20 yanvar 1990 ildə bəyanat verdi: «Xəbər verildiyi kimi, Azərbaycan SSR-nin Konstitusiya orqanlarının hakimiyətdən zorla kənarlaşdırılmasına cəhd edən Xalq Cəbhəsinin ekstremist qüvvələrinin, antisovet qruplaşmaların qeyri-qanuni, cinayətkar hərəkətləri nəticəsində Bakıda vəziyyət olduqca kəskinləşmişdir…».

22 yanvar 1990 ildə «Pravda» təhrikedici yazı verirdi: «Xalq cəbhəsi liderlərinin fövqəladə vəziyyətin yeridilməsi nəticəsində, guya qadın və uşaq qurbanlarının olması bəyanatı açıq-aydın fitnəkarlıq xarakteri daşıyır. Bir daha təkrar etmək lazım gəlir: bu – qərəzli yalandır! Onun məqsədi – əhalini Sovet ordusu və hüquq mühafizəsi orqanlarına qarşı hazırlamaqdır».

Bakıda 20 yanvarda həqiqətən nələr baş verdiyini isə, Azərbaycan Respublikası Ali Sovetinin 1990 ilin 19-20 yanvarında Bakıya qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin şəraiti və səbəblərinin araşdırılması üzrə komisiyasının çıxardığı nəticədən görmək olar:

«Yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Ali Soveti Rəyasət Heyətinin M.S.Qorbaçovun imzaladığı Qərarı əsasında Azərbaycanın mərkəzi – Bakı ş. qoşun yeridilmiş və fövqəladə vəziyyət elan edilmişdir.

Qərar, Azərbaycan SSR Konstitusiyasını, SSRİ konstitusiyasını və beynəlxalq- hyquq normalarını pozaraq qəbul edilmişdir.

Qoşunların Bakıya yeridilməsi, hərbçilər törətdiyi kütləvi zorakılıq aktları ilə müşayiət edilmişdi ki, bunun da nəticəsində yüzlərlə dinc vətəndaş həlak olmuş, yaralanmış və qanunsuz cəzalandırılmışdı, dövlət, ictimai və şəxsi əmlaka böyük ziyan vurulmuşdu. Bu cinayətkar hərəkətlər öz qəddarlığına görə qoşunların Tiflisdəki (aprel, 1989 il), Vilnüsdəki (yanvar, 1991 il) hərəkətlərini ötüb keçmişdi və sovet tarixinin Macarıstan 1956 il, Çexoslavakiya 1968 il kimi biabırçı səhifələrindən biridir.

Komisiyaya 2000-dən artıq ərizə, yüzlərlə şifahi xəbərlər daxil olmuşdu. Onların yoxlanması üçün 2500 insan danışdırılmışdı, hadisə yerlərinə və obyektlərinə 250-dən çox baxış keçirilmişdi, 286 ballistik, avtotexniki, əmtəəşünaslıq, mühəndis-texniki ekspertizalar aparılmışdı, 94 ədəd cəsədlərin məhkəmə-tibbi müayinəsi haqqında akt, eləcə də hərbi mütəxəssis rəyi alınmışdı, böyük miqdarda audio və video materialları toplanmışdı.

SSRİ-nin və Azərbaycan SSR-nin müxtəlif dövlət, təsərüfat vəhüquq orqanlarına, eləcə də ictimai təşkilatlarına və hərbi idarələrinə 2517 sorğu göndərilmişdi. SSRİ AS Rəyasət Heyətinə və SovİKP MK –nə edilən sorğular, nadir istisnalarla, baxılmamışdı.

Komisiya ilkin materiallar əsasında öz işinin ilk nəticələri haqqında bəyanat hazırlamışdı. Bəyanat AzərbaycanSSR AS Rəyasət Heyətinin 11 fevral 1991 il iclasında bəyənilmişdi. İclasda SSRİ AS RH-nin SSRİ Konstitusiyasının 119 maddəsinin 14 bəndini, Azərbaycan AS-nin razılığı olmadan bakıda fövqəladə vəziyyət elan etməklə kobud surətdə pozması müzakirə edilmiş, bu hüquq pozuntusuna sanksiya verən, və qoşunların Bakıya yeridilməsinə rəhbərlik edən və bu zaman faciəyə aparan antihumanist, rəzil üsullardan istifadə edilməsinə yol verən insanların şəxsi məsuliyəti haqqında məsələ qoyulmuş, SSRİ AS deputat korpusunun bu məsələ üzrə komisiyasının yaradılması tələb olunmuşdu.

Komisiya aşağıdakıları müəyyən etmişdi:

1. O ərəfədə respublikadakı vəziyyət.

Hərbi-siyasi şəraitin birdən-birə kəskinləşməsinə səbəb, DQMV və Ermənistandakı erməni millətçilərinin, DQMV-nin respublikadan zorla qoparılması məqsədini güdən və bununla da Azərbaycan Respublikasının müstəqilliyi və onun ərazi bütövlüyünü pozan hərəkət fəallığı olmuşdur. SSRİ və respublika hakimiyət orqanları ittifaq respublikalarının müstəqilliyinin qarantı kimi, öz konstitusion vəzifələrinin yerinə yetirilməsində əzmkarlıq, qətiyətlilik və ardıcıllıq göstərməmişlər və bu da 1988 ildə respublikanın ərazi bütövlüyü və onun müstəqilliyinin müdafiəsi uğrunda kütləvi xalq hərəkatının yaranmasına təkan vermişdi.

A.Volskinin başçılıq etdiyi DQMV xüsusi idarə Komitəsinin antiazərbaycan məqsədyönlü fəaliyəti xalq hərəkatının radikallaşmasına rəvac verdi. Azərbaycan KP MK-nin Ə.Vəzirov və V.Polyaniçkonun şəxsində oyuncaq rəhbərliyi əhalini və bütün qüvvələri milli mənafenin müdafiəsinə səfərbər edə bilmədilər və etmək istəmədilər.

SSRİ AS yanvarın 19-da « Bakı şəhərində fövqəladə vəziyyət yeridilməsi haqqında» başıbəlalı fərman verdi. Əhali, qoşunlardan istifadənin nəzərdə tutulduğu və rejimin başlama vaxtı barədə qabaqcadan xəbərdar edilməmişdi. Fövqəladə vəziyyət, demək olar ki, yubanmadan yerinə yetirilmişdi – 20 yanvar 1990 il saat 00-dan. Azərbaycan telegörüntüsü artıq yanvarın 19-da saat 19- 27 dəqiqədə sıradan çıxarılmışdı. Saat 00-20-də hərbiçilər 9 vətəndaşı öldürmüşdülər. Bakıya göndərilmiş ehtiyat qüvvələri və erməni milliyətindən olan hərbiçilər xüsusi qəddarlıqları ilə seçilirdilər. Yalnız 20 yanvar səhər saat 7-də şəhərə vəhşicəsinə soxulduqdan, qarşılarına çıxan bütün dinc sakinləri qırdıqdan,nəqliyat vasitələrini əzdikdən, evləri, binaları, təcili yardım maşınlarını atəşə tutduqdan sonra hərbi hakimiyət radio ilə fövqəladə vəziyyət yeridildiyini elan etdi.

2. SSRİ MN, DİN və DTK-nin Bakıda və Azərbaycanın digər rayonlarında törətdikləri qanunsuz hərəkətlərin nəticələri.

Fövqəladə vəziyyətin xalqa elan edildiyi ana qədər hərbiçilər tərəfindən 82 nəfər öldürülmüş, 20 nəfər ölümcül yaralanmışdır. (onlar sonra xəstəxanada keçinmişlər). Sonrakı günlər Bakı şəhərində 21 nəfər, fövqəladə vəziyyət elan edilməmiş Nefteçala şəhərində və Lənkəran şəhərində 8 nəfər öldürülmüşdü. Цmumiyətlə, 1990 ilin yanvarında qoşunların qeyri qanuni yeridilməsi nəticəsində 131 nəfər öldürülmüşdür. Bunların yalnız 42-si piket iştirakçısı idi, 9 nəfər blokada yarılandan sonra yaralılara yardım edərkən öldürülmüşdür, 6 nəfər yaralıları tibb müəssisələrinə daşıyan vaxt avtomaşında (o cümlədən «təcili yardım» karetasında) öldürülmüşdür, 17 nəfər şəhərin başqa yerlərində minik maşınlarına və şəhər nəqliyatı na atəş açılması nəticəsində həlak olmuşdur. Bu insanların FV yeridilməsindən xəbərləri olmayıb, öz şəxsi işlərinin dalınca gedirmişlər. 7 vətəndaş öz evində və mənzilində, hərbiçilərin yol boyu yaşayış binalarına atəş açdıqları zaman dəyən güllələrdən həlak olmuşlar. 19 nəfər, şəhərdə nə baş verdiyini öyrənmək üçün küçəyə çıxarkən, öz evlərinin yanında öldürülmüşdür. 5 nəfərin həlak olma şəraiti müəyyənləşməmişdir.

Müayinə edilmiş 94 meyidin 82-sində odlu silahdan zədə, 9-unda küt, 2-sində isə – deşici-kəsici alətlə zədə, 1-ində – ilgəklə boğulma müəyyənləşdirilmişdir.

82 odlu silahla zədələnmədə, bədəndən çıxan dəliklərin yerləşməsinə görə təyin edilmişdir ki, 44 halda güllə daldan atılmışdır. Bədənin sahələri üzrə: başın yaralanması – 29, bədəndə – 39, ətraflarda – 4, müxtəlif sahələrdə eyni vaxtda – 10 hal. Küt alətlə zədələnmənin 9 halın hamısında bədənin üstündən hərbi texnikanın tırtıllarının keçməsi müəyyənləşmişdir, bir meyid isə xəşilə döndərilmişdir, 2 nəfərin şəxsiyətini təyin etmək mümkün olmamışdır.

Həlak olmuş 131 nəfərin 124-ü kişi, 7-si qadındır. Kişilərdən 7-si az yaşlı, ailəlilərdən – 159 yetim, fəhlə – 78, qulluqçu – 24, tələbə – 12, TPM şagirdi – 2, məktəbli – 4, təqaüdçü – 3, müvəqqəti işləməyən – 6 nəfərdirlər. Milliyətinə görə: Azərbaycanlılar – 117, ruslar – 6, yəhudilər – 3, tatarlar – 3; 7 nəfər xidməti vəzifəsini yerinə yetirdikdə öldürülmüşdür: daxili işlər orqanlarının işçiləri – 5, «təcili yardım» işçiləri – 2. Mütəxəssislər güllələrin xüsusi dağıdıcı olmasını təyin etmişlər (zədələmə təsir qüvvəsini artırmaq üçün ağırlıq mərkəzi sürüşdürülmüş MJV-13 güllələri).

Azərbaycanın rayonlarında 744 nəfər yaralanmışdır, onların 460-ı, o cümlədən 375-i SSRİ prokurorluğunun istintaq qrupunun qərarı əsasında, qalanları isə - komisiyasının və zərərçəkənlərin özlərinin təkidi ilə məhkəmə-tibbi müayinəsindən keçmişdir. Bu verilənlər tam deyildir, çünki məhkəməyə müraciət etməyən yaralılar da vardır. Yaralanmaların çoxu odlu silah işlənməsindən baş vermişdir. Yaralanma nəticəsində 176 nəfər, o cümlədən 21 qadın əlillik dərəcəsi almışdır.

Hərbiçilər tərəfindən 200 ev və mənzil və 88 şəxsi əmlak-avtomobil məhv edilmiş və zədələnmişdir, 5 mənzildə yandırıcı güllələrdən yanğın baş vermiş və əmlak yanmışdır.

3. Nəticə və təkliflər.

1. Sovet qoşunlarının Azərbaycanda törətdikləri cinayətkar hərəkətlərə görə M.Qorbaçov, Y.Primakov, A.Qirenko, D.Yazov, V.Kryuçkov, V.Bakatin, V.Varennikov və keçmiş İttifaqın siyasi və hərbi orqanlarının başqa yüksək vəzifəli şəxsləri məsuliyət daşıyırlar.

2. faciənin daxili səbəbləri, respublika rəhbərlərinin Azərbaycandakı milli azadlıq və demokratik dəyişikliklər proseslərinin obyektiv və dönməz xarakter daşıdığını anlamaq qabiliyətinə malik olmaması, onun kütləvi xalq hərəkatından ayrı düşməsindədir. Bu işdə A.Vəzirov və V.Polyaniçko bilavasitə məsuliyət daşıyırlar. E.Qafarova, A.Mütəlibov, İ.İsmayılov, A. Məmmədov, V. Hüseyinov mənəvi məsuliyət daşıyırlar. Siyasi və mənəvi məsuliyət müxalifətin: N.Pənahovun, E.Məmmədovun, R,Qazıyevin üzərindədir. Onlar qoşun yeridilməsinin yəqinliyini bilərək, bu şəraitdə labüd olan, qoşunların hərəkət yolundan inanların çəkilməsi üzrə tədbir görməmişlər. (şək. 1.1, 1.2)

Aşağıdakı ələkeçirilmiş radio səsləşmələri sovet faşistlərinin öz «vəzifələrini» necə yerinə yetirdiklərini əyani surətdə göstərir:

«…Tuturam, bəli tuturam, orada 95 adam öldürülüb…

Onu oradan on il də təmizləmək olmaz. Qalanları bizim kazarmanın qarşısından sürünüb çıxdılar, orada hərbi xəstəxana var, bina var. Bax orada…

…Bugün bir sıravi yeşiyi topdan körfəzə atəşlə o söz…yox etdik, b…

…Orada cəmi üçünü əzdik. Elə belə, səhərdən atışırdıq, birbaşa dəniz vağzalını vururduq…

…Vətəndaş Xalq cəbhəsini götürdük, onlar s…yə macal tapdılar, mən onları sonra

raketlə… topdan b… o söz. Orada təkcə üçünü əzdik…

… İndi sakitlikdir, artıq bizimkilər Xalq Cəbhəsini darmadağın ediblər…

… «Kerosin», «Skaçok», mən «Kurqan»am, qəbul.

… Rabitədə «Kerosin»dir, qəbul.

… Rabitədə «Skaçok-33»dür, qəbul.

… Sizi ancaq bazara, tum almağa göndərmək olar, efirdə cəfəngiyatı boşlayın və ancaq məlumat verin, səsinizi kəsin…»

Respublika istintaq qrupunun bir üzvü müxbirin sualına cavab verərkən xatırlayır ki: «Xalq, şəhidləri şəhərin ən uca guşələrinin birində dəfn etdilər – Azərbaycan xalqının ziyarətgahına çevrilmiş müqəddəs «Şəhidlər xiyabanı» yarandı. O dövrdə hərbi cəhətdən dünyanın ən güclü dövlətlərindən birinin hərbi təcavüzü bizim mərd xalqımızı sındıra bilmədi. Və biz uğrunda mübarizə apardığımız o müstəqilliyi əldə etdik.

- Siz 20 yanvar qanlı hadisələrinin təşkilində birbaşa iştirak etmiş şəxsləri dindirmisiniz. Bununla əlaqədar olaraq nə deyə bilərsiniz?

- İstintaqın gedişatında deyilənlərin hamısı, maqnitofon yazısı kimi mənim yaddaşıma həkk edilmişdir. Tale mənə, bu qanlı cinayəti hazırlayıb həyata keçirən sovet rəhbərliyinin bir sıra nümayəndələrini dindirmək imkanını bəxş etdi. 19 fevral 1992 ildə biz, ölkəmizin o zaman baş prokuroru olmuş Murad Babayevlə birlikdə, SSRİ Ali Sovetinin Sədri Anatoli Lukyanovu, müdafiə naziri Dmitri Yazovu və dövlət təhlükəsizliyi Komitəsinin sədri Vladimir Kryuçkovu dindirdik.

Bu şəxsləri dindirmək üçün, bir sıra maneələri dəf etməli olduq. Onlar Rusiya prokurorluğu tərəfindən dövlət çevrilişinə cəhddə taqsırlandırılaraq tutulmuşdular, onların hər birinin vəkili var idi və onun iştirakı olmadan görüşməyə razılıq vermirdilər. Axırki, biz bütün əngəlləri dəf edə bildik və hər biri ilə müdafiəçilərinin yanında söhbət apardıq.

-Siz onlara hansı sualları verdiniz?

Biz çalışırdıq ki, onlar özləri xalqımıza qarşı cinayətlərini etiraf etsinlər.

Əvvəlcə marşal D.Yazovu gətirdilər. Budur, xalqıma qarşı cinayət aksiyasına əmr vermiş hərbi superdövlətlərdən birinin hərbi qüvvələrinin başçısı qarşımızda durmuşdur. Açığını desəm, ilk görüşdə mən emosiyalarımı cilovlaya bilmədim. Vətəndaşlıq hissləri xidməti məsuliyəti üstələdi. Bu adama qarşı nifrətlə dolu olduğumdan, bir müddət prokurorluq işçisinə layiq danışıq qabiliyətimi itirdim. Lakin, özümü ələ ala bildim.

İstintaq əvvəldən adi axınla gedirdi, və dindirilən, xislətcə əsil soldafon, bizim suallarımıza cavab verirdi. Lakin, biz onu ifşa edəcək suallar verməyə başladıqda o, vəkilinin məsləhəti ilə ifadə verməkdən imtina etdi. Hər halda biz onun qarşısında bütün suallarımızı qoya bildik və insanların kütləvi qırğınında şəxsən onun məsuliyət daşıdığını göstərdik.

Bizim kəskin, ifşaedici suallarımızdan bərk həyəcan keçirdiyi acıq-aydın onun sifətindən izlənilirdi və bu, indiyə qədər mənim gözümün önündədir. Günahsız insanların kütləvi qıpğınına tərəddüd etmədən əmr vermiş bu cəngavərin, sınağa çəkildikdə qorxaq olduğu üzə çıxdı.

D.Yazovun ifadəsindən: «…1990 il yanvarın 19-da məni prezident Qorbaçovun yanına dəvət etdilər. Oraya daxili işlər naziri Bakatin də çağırılmışdı. Qorbaçovun iş otağında SSRİ Nazirlər Sovetinin sədri N.Rıjkov və Ali Sovetin sədriA.Lukyanov da varidi. Qorbaçov dedi ki. Bakıda qorxulu vəziyyət yaranmışdır və biz, Bakatinlə birlikdə ora gedib qayda-qanunu bərpa etməlyik. Biz, elə həmin gün yerli vaxtla saat 17-00-da Bakıya gəldik. Burada, qərb istiqamətinin komandanı general N.Popovun iş otağında SSRİ prezidentinin nümayəndələri Y.Primakov və O.Şeninlə, Azərbaycan KP MK birinci katibi Ə.Vəzirovla görüşüb şəraiti müzakirə etdik və fövqəladə vəziyyət yeridilməsini qərara aldıq. Yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun nizami hissələri Bakıya yeridildi. Qoşunlar, şəhərin girəcəyində sərt müqavimətlə rastlaşıb atəş açmağa məcbur olmuşdular».

Yazov, bütün bunları, şəhərin üzərində vertolyotla uçarkən özünün müşahidə etdiyini dedi. İnsanların məhvini soüuqqanlılıqla müşahidə edən belə adamın ürəyi barədə nə demək olar! İfşa olunmuş cinayətkarların coxu kimi o, kifayət qədər məntiqsiz və dolaşıq danışır, aşkar uyğunsuzluğa yol verirdi. Beləliklə, Yazov yanvarın 19-da Bakıya gələrək bir eçə saat ərzində şəraiti öyrənmiş, sonra yüksək səviyyəli şəxslərlə müşavirə keçirmişdir və burada şəhərə fövqəladə vəziyyət yeridilməsi barədə qərar qəbul ediilmişdir. Biz, bu ifadələrə qulaq asıb istintaq altında olana sual verdik: «SSRİ Ali Sovetinin Rəyasət Heyəti fövqəladə vəziyyətin yeridilməsi barədə qərarı dəqiq nə vaxt qəbul etmişdi? Əgər bu qərar siz bakıya gələndən sonra qəbul ediilmişdisə, hərbi hissələri ölkənin müxtəlif yerlərindən Azərbaycanın mərkəzinə gətirib onların vasitəsilə Bakını tam blokadaya almağı necə çatdırdınız?»

Biz Yazova göstərdik ki, fövqəladə vəziyyət rejiminin yeridilməsində hüquqi prosedurun heç bir bəndinə əməl edilməmişdir, əhali xəbərdar edilməmişdi və bu da kütləvi qurbanlara gətirib çıxarmışdı. Marşal cavabında belə bir qəribə məlumat verdi: «Qoşunlar şəhərə gecə saat 3-də yeridildi, bu vaxt isə bütün ləyaqətli insanlar artıq yatmış olur» … Biz, qoşunların şəhərə saat 12-də daxil olduğunu qeyd etdikdə o, xeyli fikrə getdi, sonra bir neçə dəfə otaqda o baş, bu başa getdikdən sonra nəhayət, bizə tərəf dönərək ifadə verməyəcəyini dedi. O zaman iki ölkə arasında qarşılıqlı hüquqi yardım haqqında razılaşma bağlanmamışdı, odur ki, biz sonrakı suallarımıza cavab ala bilmədik.

SSRİ DTK keçmiş sədri Kryuçkov əvvəlcə dedi ki, məzuniyətdə olduğu üçün 20 yanvar hadisələri barədə ümumiyətlə heç bir şey bilmir. Lakin, ölkənin xüsusi xidmət başçısının insanların kütləvi qırğınından xəbərsiz olduğu iddiası heç həqiqətə uyğun deyildi. Bizim iradımıza Kryuçkov dedi ki, məzuniyətdə olarkən bu hadisələr barədə məlumatı öz kanalları vasitəsilə almışdı.

Biz, dindirilmə gedişatında müəyyən etdik ki, Qorbaçov, Bakıda DTK xüsusi xidmət qoşunlarının, ordudan fərqli olaraq son dərəcə zəif hərəkət etdiklərinə görə Kryuçkovu söyüb danlamışdır. Görünür, tökülən qanlar SSRİ prezidenti üçün azlıq etmişdir.

Biz, Yazovu və Kryuçkovu ifadə verməyə çağırarkən göstərmişdik ki, Bakıda törədilmiş bu cinayətin təfərrüatı ilə açıqlanması, hər birimizin tək vətəndaşlıq deyil, həm də insanlıq borcudur. Biz onlara Rusiya vətəndaşı kimi deyil, hər şeydən qabaq insan cəmiyəti nümayəndələri kimi müraciət etmişdik. Lakin onlar tam və hərtərəfli ifadə verməkdən imtina etdilər. Görünür bu qanlı cinayətin iştirakçıları, belə hərkətlərin məsuliyətinin nə demək olduğunu tamamilə başa düşmüşlər. Lukyanova gəldikdə isə o, ifadə verməkdən qaçmadı, lakin bildirdi ki, illər ötüşdüyündən artıq çox şeyi yadına sala bilmir. Ölkənin yüksək rəhbərliyi səviyyəsində törədilmiş qanlı cinayətin belə tez yaddan çıxa bilməsinə çətin inanmaq olur!

Bu dindirmələrin əsas nəticələri ondan ibarət oldu ki, müqəssirlər, xalqımızın yaddaşına həmişəlik həkk olunmuş cinayətkar hərəkətlərinin məsuliyətini başa düşdülər. Belə əməllər isə heç vaxt cəzasız qalmır».

Şərh edilənlərdən belə nəticələrə gəlmək olar:

1. Qorbaçov tədricən Azərbaycan xalqından qisasa hazırlaşırdı.

2. Təhlükəli qorbaçov hərcimərcliyi bütünlüklə görk üçün Azərbaycan ərazisində tətbiq edildi, halbuki, bu hadisələr zamanı Ermənistanda bir nəfər də həlak olmamışdı.

3. hadisələrin tam ardıcıllığı göstərir ki, Qorbaçov, bütün respublikalara ibrət dərsi vermək üçün, öz qanlı eksperimentlərinin yeri kimi Azərbaycanı seçdi.

4. Moskva, Yerevan və Stepanakertin hərəkətlərinin sinxronluğu, hadisələrin bir mərkəzdən, yəni Moskvadan, daha dəqiqi – birbaşa qorbaçovun əhatəsindən idarə olunduğuna dəlalət edir.

5. Moskvada dəstəklənən, gərginliyin tədricən və ardıcıl olaraq qaldırılması və zirvənin – Bakıya çoxdan nəzərdə tutulmuş zərbənin – əldə edilməsi açıqca izənilirdi.

6. Azərbaycanın bütövlükdə istər partiya, istərsə də dövlət rəhbərliyinin davranışı cinayətkar idi: bir-birinə badalaq vurmaq, Moskvanın qarşısında yaltaqlıqla qulluq göstərmək və hakimiyətdə qalmaq. Xalqın qanı hesabına hakimiyətin yüksək eşelonuna düşməyə cəhd edənlər də var idi.

7. erməni ekstremistlərinin rəsmi şəxslər tərəfindən «palaz altı», Starovoytova növlü «demokratlar» tərəfindən isə açıq dəstəklənməsi, öz ədəbsizlikləri baxımından biabırçı idi.

8. Azərbaycana qarşı qanlı cinayət hərəkəti, Moskva «demokratik press»inin güclü təbliğatı ilə dəstəklənirdi, sonradan məlum oldu ki, onların çoxu «yaşımtıl»a görə öz doğma analarını da satmağa hazırdılar.

9. Ə.Vəzirovun başçılıq etdiyi Azərbaycan nümayəndəliyinin xalq deputatları qurultaylarında səhv hərəkət strategiyası, onun dərrakəsi çatmadı ki, Azərbaycanın maraqlarını güdmək üçün beynəlxalq deputat qrupuna bir-iki nümayəndə (məsələn, R.İbrahimbəyovu) göndərsin (halbuki, belə təkliflər olmuşdu). Nümayəndəlik bütövlükdə öz kommunist coşğunluğu ilə qurultay deleqatlarının müəyyən hissəsində kəskin mənfi reaksiya yaradırdı: onlara «durğunluq dövrünün nümayəndəliyi» yarlıkı yapışdı.

Dmitri Lixaçov, yalnız on minlərlə adamın həlakından sonra Rus pravoslav kilsəsinin Çeçenistan müharibəsinə münasibətdəki mövqeindən təəcübləndiyini bildirdi. Amma, 1990 il 20 yanvarda o da susdu, Azərbaycan xalqına təhqiramiz: «Əgər azərbaycanlılar erməni mədəniyətini bilsəydilər, onlar qədim erməni kilsələrini dağıtmağı özlərinə rəva bilməzdilər» ifadəsi ilə yaxasını kənara çəkmişdi.

Maraqlıdır, D.Lixaçov belə bir fakta necə yanaşardı: Ermənistanın 1milyon 227 min 473 məskunu, Orli təyyarə meydanında, türk hava yolları ofisinin altında partlayıcı qurğu quraşdırdığı üçün Fransada ömürlük həbs cəzasına məhkum edilmiş Varujan Karapetyanın əfv edilməsi xahişi ilə Fransa prezidenti Jak Şiraka açıq məktub imzalamışlar.

Bəs D.Lixaçov bilseydi ki – azərbaycanlıların Xocalıdakı soyqırımında 335 nəfər həlak olmuş, 150 nəfər itgin düşmüş və onların meyidi indiyə qədər tapılmamışdır, Xocalıda vəhşicəsinə qətlə yetirilmişlərin arasında – 106 qadın, 62 qoca olub, 56 meyiddən skalp kəsilib götürülüb, gözləri çıxarılıb, burunu,qulağı və bədəninin bahqa üzvləri kəsilib – nə deyərdi?!

Xocalı faciəsi üzrə komisiyanın üzvü, Azərbaycan xalqının bu faciəsi barədə uzun illər boyunca material toplamış D.Nuriyev, Xocalı faciəsi haqqında deyir: «Fevralın 25-dən 26-na keçən gecə 366-cı alay Xocalıya hücum etdi. Buna qədər şəhərdə düşmən həmləsinin qarşısını ala biləcək batalyon yerləşdirilmişdi. Xocalıya təkcə Stepanakertdən deyil, Əskəran tərəfdən də və yuxarıdan da hücum edildi. Xocalıdan tələb edəndə ki, Şuşadan Stepanakerti vursunlar, oradan qrad qurğuları ilə Stepanakertdəki Rusiya ordusunun hərbi hissələrinin ərazisini vurdular. Bu fitnəkarlığın nəticəsində Xocalıya hücumda tək 366-cı alay deyil, digər rus hissələri də iştirak etdilər. Hücum zamanı Əskəran tərəfdən açıq olan dəhlizdən, içərisində erməni də olan 30 ailə salamat keçə bildi. Həmin erməni qadınlardan biri öz ərini, – Xocalı benzindoldurma məntəqəsinin müdiri işləyən, sonra hərbi paltarda əlindəki avtomatı yellədərək azərbaycanlıları öldürdükcə ləzzət aldığını deyən, – onun üç uşağının atasını öldürmüşdü.

Ermənilər uşaqları, qocaları və qadınları Şelli tərəfə çıxartdılar. Bu yolda erməni donuz ferması var idi, onları, təhlükəsiz yer adı altında buraya yığdılar. Burada cəmi 3 min adam yığılmışdı. Kim ki, vaxtında Ağdam tərəfə qaçmışdı – xilas oldu, kömək gələcəyinə inanıb qalanlar isə, səhərisi güllələndilər. Sonra meyidlər vəhşicəsinə təhqir edildi, südəmər uşaqları sümbələrə taxdılar, bəzilərinin isə başını kəsib atdılar. Bunların hamısı sonra vertolyotdan çəkilmişdi.

İstintaq sənədlərindən məlum olur ki, Xocalı sakinlərinə belə divan tutulmasında «ASALA» və «Qiçaq» erməni terrorist təşkilatlarının silahlıları iştirak etmişlər. Axırıncının Livanda bazası var, onun başçısı, Fransa vətəndaşı, Qarabağda öldürüldü. Öldürülmüş Azərbaycan əsgərlərinin kəsilmiş başları sonralar, xarici telekompaniyaların kameraları qarşısında erməni başı kimi nümayiş etdirilmişdi. Lakin, sonralar, axır ki,həqiqət bərpa edildi.

Növbəti...